top of page

Azərbaycanda kuir-inklüziv məkanlar

Ölkədə hüquqları tapdalanan və ayrı-seçkiliyə məruz qalan LGBTİQ+lar üçün asudə vaxtlarını keçirməyə məkan tapılması da problem olaraq davam edir. Müsahibə alınan kuirlərin sözlərinə görə, Bakının mərkəzindən kənarda yerləşən restoran, kafelər və ya pivəxanalara üzləşdikləri diskriminativ davranışlara görə gedə bilmirlər. Bu səbəbdən qiymətlərin daha yüksək olmasına baxmayaraq, mərkəzdə yerləşən məkanlara üz tutmağa məcbur qalırlar.


20 yaşlı Alvi Həzi Aslanov qəsəbəsində yaşayır. Yaşadığı ərazidə qiymətlər ucuz olsa da, təhlükəsizlik səbəbindən o obyektlərə deyil, şəhər mərkəzinə getməli olur. Məsələn, o, Bakıda yerləşən qəhvəxanaların birində ona “bəy” deyə xitab edilməməsini bildirsə də, işçilərdən biri dəfələrlə yüksək səslə adının qarşısına “bəy” əlavə edərək çağırıb.

“Sanki ifşa olundum, özümü lüt hiss etdim. Həqiqətən, belə bir hiss idi. Çox qəribə oldum”, o deyir.


Alvi bildirir ki, mərkəzdəki məkanlar müəyyən qədər kuir kimliklərə öyrəşiblər, ona görə özünü orada rahat hiss edə bilir.


“Bir məkanda 3 səbəbə görə otururam: rahatlıq və təhlükəsizlik, içkilərin və yeməklərin dadlı olmağı, üçüncü səbəb isə mərkəzdə olmağıdır”, - deyə Alvi əlavə edir ki, kafe və restoranlardakı işçi heyəti arasında kuirlərin olması da təhlükəsiz hiss etdirən amillərdən biridir.


“Ümumiyyətlə isə əsasən heç bir yerdə təhlükəsiz deyilik və heç bir məkan bunun qarantiyasını vermir”.


22 yaşlı Həyat da Alvinin təcrübəsini bölüşür. O da şəhər mərkəzindən kənarda yaşayır, translara yönəlmiş qərəzli və fobik münasibətə görə ictimai məkanlardan təcrid olunmuş hiss edir. Məsələn, Nərimanovda yerləşən kafelərin birində Həyatın içəri daxil olmasına icazə verilməyib.


“Geyim bəhanə idi. Sırf transgender olduğum üçün buraxmadılar”, o bildirir ki, müştəri xidməti geyiminin açıq olmasını səbəb göstərib.


Onun sözlərinə görə, demək olar ki, bütün məkanlarda müxtəlif ayrı-seçkiliyə məruz qalır. Lakin mərkəzdəki məkanlara turistlər daha çox gəldikləri üçün diskriminasiya hallarının sayı azdır.


19 yaşlı Ömər, ümumiyyətlə, mərkəzdən kənarda yerləşən məkanlara getməməyə üstünlük verir. O deyir ki, buna səbəb mərkəzdəki məkanların həm işçi heyəti, həm də müştəri baxımından daha inklüziv olmasıdır.

“Mərkəz məkanlar da inklüzivdir deyə, bir şeyin qiymətini 5 qat artırır”, o vurğulayır ki, Azərbaycandakı kuirlərin bir çoxunun maddi vəziyyətləri qənaətbəxş deyil və bu cür yerlərə əlçatımlılıq olduqca azdır.

Bütün bunlara baxmayaraq, Ömər inklüziv ictimai obyektlərdə belə özünü tam təhlükəsizlikdə hiss edə bilmir.


“Çünki təhlükəsizliyi təmin etmək üçün məkanlar müştərilərini bir-bir yoxlamaq iqtidarında deyil. İmkanları olsa belə, yoxlamazlar, çünki müştərilərini itirə bilərlər”.


Ömər deyir ki, bəzən kuir vətəndaşlar alternativləri olmadığına görə homofobiyaya məruz qaldıqları məkanlara yenidən getmək məcburiyyətində olurlar. Bir sözlə, təhlükəsiz məkan tapa bilmədikləri üçün “pisin ən yaxşısını” seçərək gedirlər.


“Bizim üçün çox pis vəziyyətdir ki, içməyə, əylənməyə uyğun məkan tapa bilmirik və düşünürük ki, başımıza ən az homofobiya harda gəlirsə, ora gedək. Adi bir şeyi istəyəndə belə, bizim qarşımızda nə qədər sərhədlər olur. Bilə-bilə ki orda mənim başıma belə bir şey gəlib, mən yenə də oranı seçirəm. Bəlkə, gələn dəfə başıma daha pis bir şey gələcək. Bunu qəbul edə-edə yenə gedirik, çünki başqa alternativimiz yoxdur”, o izah edir.


“İcmalab” platformasının qurucusu memar Səbinə Abbasovanın sözlərinə görə, hansısa kafe və ya restoran planlaşdırılarkən, onun əlçatanlığını və inklüzivliyini təyin etmək layihəni həyata keçirən tərəfin məsuliyyətidir.


“Əlçatanlıq üçün fiziki olaraq məkanda düzgün pandus, qapıların eni, asılqanlar, sanitar qovşağı və s. üçün normativlər nəzərə alınmalıdır, lakin inklüzivliyi təmin etmək üçün bunlar kifayət deyil. Məkanda istifadə olunan ritorika, misal üçün "ailəvi məkan" kimi anlayışın işlədilməməsi, sanitar qovşaqlarının "qadın/kişi" bölünməməsi, dizaynda həssas mövzulara dair zarafatların olmaması və işçilərə həssas qruplarla düzgün danışmaq üçün təlimlər keçmək kömək edə bilər”, memar izah edir.


Abbasovanın sözlərinə görə, burada İcra Hakimiyyətinin müxtəlif öhdəlikləri var. Məsələn, şəhər planlaşdırmasında əlçatanlıq prinsiplərini təmin etmək, ictimai yerləri, binaları və nəqliyyat sistemlərini hər cür qabiliyyətə malik insanlar üçün əlçatan etmək, inklüzivlik və şəhər inkişafı ilə bağlı sakinlərin ehtiyacları və narahatlıqları barədə məlumatlandırmaq.

“Mənim fikrimcə, kuir-inklüziv şəhər anlayışı ilk olaraq planlaşdırma ilə yox, qanunvericiliklə həll olunur. Birinci növbədə bizim cəmiyyətdə "normalardan kənar" sayılan şəxslərə qarşı təhlükəsizlik təmin olunmalıdır ki, bu yaransın”, o deyir.


Qanunverciliyə gəldikdə, xarici və yerli hesabatlar Azərbaycanda LGBTİQ+larla bağlı vəziyyətin yaxşı olmadığını göstərir. Məsələn, illərdir ki, İLGA-Avropa təşkilatının dərc etdiyi “Göy Qurşağı” xəritəsində “İnsan hüquqlarının kobud şəkildə pozulması, ayrı-seçkilik” meyarlarına görə yenə də ən sonuncu yerdə qərarlaşır.


Bu, Bakı küçələrində bariz hiss olunur.


Məsələn, ChaiKhana platformasında dərc edilən “Bakı küçələri LGBTQİ+ üçün təhlükəsizdirmi?” essesinin müəlifi qeyd edib ki, bir neçə il bundan əvvələ qədər Bakının mərkəzindəki İslam Səfərli küçəsi kuirlər üçün təhlükəsiz hesab edilib. Lakin, 2021-ci ildə müəllif və onun dostu elə həmin küçədə kuirfob hücuma məruz qalıb. Bundan sonra isə bura da “təhlükəsiz” anlayışını itirib.



“Bakıda kuir məkanların coğrafiyası çox tez-tez dəyişir, çünki Azərbaycanda kuirfoblar və bizə hücum edə biləcək şəxslər daim ətrafımızda olur” , müəllif qeyd edib.


Bakının mərkəzində 7 ildir fəaliyyət göstərən “Boho Tea and Wine Room”-un sahibi Məhəmməd Cəlilov deyir ki, məkanın təhlükəsizliyi haqda tənzimləmə mexanizmi yoxdur, çünki bu illər ərzində heç bir təhlükəyə rast gəlinməyib.

“Kuirlərin diskriminasiyaya məruz qalmaması üçün nəsə edilmir, çünki indiyə qədər belə bir halla rastlaşmamışıq. Belə hallar olsa necə olar, açığı bilmirəm”, sahibkar bildirib.


“W Space”-in sahibi Səda Həsənova da Cəlilov kimi qeyd edir ki, məkanda heç vaxt kuirfob, transfob akt olmayıb və məkanın kütləsi adekvat adamlardır. “Bu səbəblərə və təhlükə yaradacaq problemlər olmadığına görə təhlükəsizliyi təmin etməyə ehtiyac duymuruq”.


Məsələ tək Bakı ilə bitmir.


Gəncədə yaşayan 21 yaşlı Pərvin üçün vəziyyət daha qəlizdir. Onun şəhər mərkəzində nisbətən rahat və təhlükəsiz bildiyi yeganə kafe ilə maddi səbəblərdən vidalaşmağa məcbur qalıb. Mərkəz kənarında yerləşən məkanlara gəldikdə, o deyir ki, trans kişi kimliyinə görə tualetlərdə problem yaşayır. Bu səbəbdən də gedə bilmir.


“Gəncədə mərkəzdə olan məkanlar “ailəvi” və “day-day” kafelərinə bölünür. Ailəvi restoranlardan da rahat istifadə edə bilmirik, çünki ora evlilər, dindar insanlar gəlir. Orada da bizə yer olmur. Girsək belə, qəribə baxışlar var”.



Elmira Gəray


Məqalə QueeRadarın Mentorluq Proqramı çərçivəsində hazırlanıb.



15 views

Comments


bottom of page