top of page

Azərbaycanda LGBTQİ+ məhbuslar





Binar gender normaları ilə tikilən həbsxana binalarında LGBTQİ+lərin hüquq pozuntuları və varlıqları danışılmır. Queerlərin yaşadıqları cinsi istismarlar, sistem zorakılığı, şərlənmələr və psixoloji zorakılıq təməlini patriarxal gücdən almış heteroseksist sistem içərisində hər daim gizlətməyə çalışdıqca həbs içərisində həbs edilməyə çalışılan LGBTQİ+lər sistematik şəkildə yox sayılır. İstər həbsxana işçiləri, polis , məhkəmələr, istərsə də digər məhbuslar heç bir risk və narahatlıq altına girməkdən çəkinməyərək, gender kimliyi, cinsi orientasiyası və marjinallaşdırılan bütün kimliklərinə görə insanları əzməyə, təcavüzə, psixoloji və fiziki zorakılıqlarına davam edirlər.



“Hakim bizləri dinləmədən həbs etdi”


Məqaləni hazırlayarkən hekayələrini mənimlə bölüşə biləcək insanlar axtarırdım. Onların əksəriyyəti ilə tanışlarım və sosial media vasitəısiylə tanış oldum. Bu prosesdə intervyü edəcəyim şəxsləri tapmaq heç də asan deyildi. Zinətlə də elə bu periodda tanış olduq. Zinət 30-lu yaşlarda işçi sinfindən olan trans bir qadındır. Keçmiş məhbus trans qadın Zinət yaşadığı hekayəsini belə şərh edib:


"Rəfiqəmin tutulduğunu eşitmişdim, polis bölməsinə yanına getdiyim zaman mənim trans qadın olduğumu bildilər və tutaraq rəfiqəmin yanına göndərdilər. Bizi bölmədə səhərə kimi gözlədib apardılar məhkəməyə. Hamınıza şər atdılar və polisə müqavimət göstərdiyimizi iddia etdilər. Hakim isə bizləri dinləmədən, söz vermədən bəzilərimizə 20 sutka, bəzilərimizə isə 30 sutka həbs verdi. Həbsxanalarda LGBTQİ+lərə bonal davranış gördüm. Təhqirlər, söyüşlər, alçaltmalar və ən dəhşətlisi isə saçlarımızı keçəl qırxmaları...


Saxlanma otağında 2 nəfərlik otaqda 10-a yaxın trans qadın var idi. Geylər isə ayrı otaqda idilər. Geylər trans qadınlardan da çox idilər (geylər üçün də 2 nəfərlik otaq idi). Daha vəziyyəti özünüz başa düşün. Sizcə, bir insan üçün 4 divar nə ifadə edə bilər? Hələ ki, günahsız yerə o qəfəsə salıblarsa? Xatırlamaq belə qorxuncdur"



"Başını qırxacağıq" deyə təhdidlər edirdilər”


Elə Zinətin mənimlə kontaktını bölüşdüyü başqa bir trans qadın da "polisə müqavimət" adı ilə şərləndiyini və sutkalıq həbs edildiyini deyir. Onun üçün də bu proses çox ağrılı və travmalı keçmişdir. Zinət kimi o da 30-lu yaşlarda işçi sinfində olan bir qadındır və onun adı isə Lauradır. Laura da hekayəsini belə danışır:


"Mənim üçün o gün dünyanın sonu idi. Həmin period stressli olduğuna və uzun müddət keçdiyinə görə tamam yaşananları əvvəldə qoyub unutmuşam. İlk dəfə içəri girdikdə qardianlar mənimlə çox pis ritorikada danışırdılar. Mənə "başını qırxacağıq" deyə təhdidlər edirdilər. Hava almaya çıxdıqda digər məhbuslar gülürdülər ki, "təzə götlər gəlib".



“Mənə daha çox vətən xaini və xalq düşməni kimi rəftar olunurdu”


Adını anonim saxlamaq istəyən İzabel və hazırda Azərbaycanda partnyoru ilə yaşan biseksual keçmiş məhbus da cinsi orientasiya və gender kimliyini gizlədib. İzabelin dedikləri də trans qadınların üzləşdiyi çətinliklər qədər travmatikdir:


"Sosial şəbəkələrdə tənqidi və zarafatçıl postlarıma görə iki ay müddətinə həbs olunmuşdum. Saxlanılma prosesi çox çətin idi, qeyd etdiyim postlara görə saxlandığım üçün, mənə daha çox vətən xaini və xalq düşməni kimi rəftar olunurdu. Daimi psixoloji təziyiqlər və fiziki şiddətlər var idi. Vəkilim olmadığından və evdən qaçırıldığıma görə, məni rahatlıqla bir saat içində evdən birdəfəlik məhkəməyə apararaq ordan sonra həbsxanaya saldılar, nə oldusa bir saat içində oldu. Az-çox həbsxana həyatından məlumatım olduğum üçün sadəcə kitab oxuyub yatmaqla kifayətlənirdim, təbii ki, nəzarətçilərin və rəisin daimi məni narahat qoymaq hissi olmasa idi, çox stabil keçdi… Həm də onu gördüm ki içəri çöldən heçnə ilə fərqlənmir. Eyni özbaşınalıq və qudurğanlıq. Mənim cinsi orientasiyamı və genderimi bilmirdilər, mən də özümü sıxaraq daha çox maskulin hetero davranırdım, əks halda daha böyük cəhənnəm yaşayacaqdım. Həbsaxanadan çox mənə ifadə edən şey Məhkəmə oldu. Çünki həbsxanaya aparan yol məhkəmədir orada isə həqiqətən vicdan, savad, ədalət kimi xüsusiyyətlər mütləqdir."


“Təhqir və alçaltmalara rəğmən gizli şəkildə seksual əlaqələr olurdu”


Müsahiblərimdən bir digəri isə xüsusi bir icma tərəfindən "ana" olaraq bilinir. Hətta mənimlə hekayəsini bölüşərkən də özünə bu tərz xitab etməyimi istədi. Şəxs kimliyini gizli saxlamaq istədiyini bildirdi. Onun şərti adı isə Ninadır və özü 2 ilə yaxın məhbusluq həyatı yaşayıb:


"Oradakilərə "mujik" deyilir. Biz isə "göt"ük. "Mujik"lər gələndə üzümüzü tuturduq. Polis etdiyim qanun pozuntusuna görə məni "müştəri" adı ilə qaçırıb saxlamışdı. Əməliyyatlı olduğum üçün məni qəbul etmirdi bölmələr. Nəhayət bir bölməyə yerləşdirildim daha sonra. İçəridə bizdən siqaret alan olanda rəisdən töhmət gəlirdi ki, "mujik"i salırsınız "götxanaya". Oradaki kişilərlə yaxınlıq edə bilməzdik, ciddi nəzarət edirdilər, hətta təhdid edirdilər ki, yaxınlıq olsa "oğlanı sındırdığınız üçün" üstünüzdən keçə bilərlər. Döşüm (sinə əməliyyatından bəhs edir) olduğu üçün ictimaiyyətə çıxmağa qoymurdular ki, digərləri neçə ildir döş görmür, seksual hissləri qabarıb mənə yaxınlaşmasınlar. Təhqir və alçaltmalara rəğmən gizli şəkildə seksual əlaqələr olurdu əlbəttə. "Mujiklik" səviyyəsindən atılanlar isə tualet təmizləmək kimi ağır işləri gördürürdülər, "sındırılmış" insanlar zir-zibilliyi təmizləmək kimi işlərlə məşğul idilər. Bizi orada bir növ satırdılar. İşlədikdə də bizə düşən 5-10 manat əmək haqqını da özləri alırdılar."


“Seks zamanı birlikdə olduqları şəxsin kürəyinə "zelyonka" tökürlər”


Daha əvvəl siyasi məhbusluq yaşamış şəxsin dediyinə görə, "petux" olduğu aşkar bilinən şəxslər həmişə aşağılanır həbsxanada, amma yenə də onları öz seksual ehtiyaclarını ödəmək üçün istifadə edirlər. Lakin belə olan halda sikən tərəf olduqlarını sübut etməlidirlər, bunun üçün də seks zamanı birlikdə olduqları şəxsin kürəyinə "zelyonka" tökürlər. Belə anlaşılır ki, passiv olan tərəfi aşağılamaq üçün ikitərəfli metoddur bu, həm üzünə baxmadan, arxadan əlaqədə olurlar, həm də işarələyirlər. Passiv olmaq həbxsanada femininlik ilə əlaqələndirilir və femininlik qadın kimliyi ilə asossasiya olunaraq “zəif,” “ikinci dərəcəli” olaraq görülür. Elə bu səbəbdən də cis-hetero kişi məhbusları da türmədə sındırmaq üçün passiv kimi damğalayıb təcavüz etdikləri hadisələr də realdır.


Bu proseslər haqda hüquqşünas Jalə Bayramova isə ona ünvanladığım bir neçə suala cavab verdi. Jalə Bayramova özü Nəfəs LGBTİ alyansı ilə çalışır həmçinin qadın LGBTQİ+ haqları üçün də uzun müddətdir mübarizə aparan hüquqşünaslardandır.



Sizə LGBTQİ+lər tərəfindən nə cür müraciətlər olub?

Avropa Məhkəməsindəki bir işlə bağlı iki nəfər şəxslə görüşmək üçün vəkillər müraciət etmişdi, lakin baxmayaraq ki Avropa Məhkəməsinin qərarına görə həmin şəxslərin Avropa Məhkməsində gedən işdə hüquqşünaslar artıq ərizəçi tərəfindən nümayəndə seçiblərsə, bu zaman dövlət həbsxanadakı görüşə icazə verməlidir. Lakin Azərbaycan höküməti buna icazə verməyib və mane olub.


"Qanunda bütün maddələr yalnız heteroseksual şəxsləri qorumağa yönəlib"


Jalə Bayromovaya görə bu problemlər Azərbaycandakı ümumilikdə qanunda genderlə bağlı bütün maddələr yalnız heteroseksual şəxsləri qorumağa yönəlib.

"Qanun yalnız gender kimi kişi və qadını və onların hetronormativ münasibətlərini dəstəkləyir. Bu dar yanaşmanın kənarında qalan, LGBTİ+ hüquqları kənarda qalır. Qanun gender stereotiplərinisaxlayır və gender əsaslı zorakılığın əsas zərərçəkənlərini qorumur… Cinayət Məcəlləsində baxmayaraq ki nifrət nitqini qadağan edir, şəxslərin şəxsi məlumatlarını qorumağa yönələn normaları var, lakin həmin bu qadağalar/normalar LGBTQİ+ləri nəzərə almır, nifrət nitqinin qadağan edən 283-cü maddə yalnız milli, irqi, sosial və ya dini ayrı-seçkiliyi nəzərdə tutur, və məhz LGBTQİ+lərə qarşı yönələn hər hansısa bir zorakılığı qadağan edən bir norma yoxdur. Nəzərə almaq lazımdır ki, qanun özünün icra olunmasında problemlərə toxunmalıdı. Əgər LGBTQİ+lərə qarşı ayrı-seçkilik, törədilən cinayət əməlləri məhz onların gender kimliklərinə görə törədilir. Bu səbəbdən LGBTQİ+ hüquqları yalnız gender əsaslı ayrı-seçkiliyi qadağan etməklə deyil, həm də məhz LGBTQİ+ ifadəsini işlədərək qadağan edilməlidir."



"Sevinc Hüseynova haqqında artıq cinayət işi açılmalı və təqsirləndirilən şəxs cəlbində dəvət olunmalı idi."


Hüquqşünas Jalə Bayramova həmçinin bir neçə müddət əvvəl öz "instagram" səhifəsində LGBTQİ+ləri hədəf alan və yandılaraq öldürülmüş trans qadın Ayanı ifşalayan blogger - Sevinc Hüseynova haqda da qeyd edir:


"Sevinc Hüseynova qarşı əsas ittiham cinayət məcəlləsinin 283-cü maddəsində nəzərdə tutulması vacib olan gender əsaslı nifrət və düşmənçiliyin salınması maddəsi ilə haqqında cinayət işi açılmalı və təqsirləndirilən şəxs kimi cəlb edilməlidir. Lakin bu ifadə qanunda işlədilmədiyindən qanunvericilik gender əsaslı nifrət nitqlərini necə cəzalandırılacağını izah etmir. Lakin Azərbaycan həm də Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya edib və Konvensiyadakı hər bir maddə öldə dualist yanaşma ilə beynəlxalq müqaviləri təsdiq etdiyi üçün yerli qanunvericiliyinin bir hissəsi sayılır. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları, məsələn Lilliendahl İslandiyaya qarşı işində, nifrət nitqi şəxslərin öz hüquqların sui-istifadəsi qiymətlənidirilir və tərəfdaş dövlətlər bunun əsasında lazımı tədbiri görməlidilər. Bütün bunları əsas götürərək Sevinc Hüseynova haqqında artıq cinayət işi açılmalı və təqsirləndirilən şəxs cəlbində dəvət olunmalı idi."



Həbsxana içərisində həbsxana


Bütün bunlar onu göstərir ki, həbsxanalarda queerlər təməl haqq və ifadələrinə görə diskriminasiya ilə üzləşir, özünü LGBTQİ+ spektrumunda görən məhbuslar seksual, fiziki, sosial istismarlara məruz qalırlar. Həmçinin Azərbaycanda məhbusluq həyatı yaşayan intersekslərə çıxışın qeyri-mümkünlüyü, uşaq həbsxanalarında yaşananlar və qadın həbsxanaları ilə kommunikasiyanın çətinliyi də müzakirə edilməli mövzular olaraq varlığını qoruyur. Narahatlıqları aradan qaldırmaq və sistematikləşmiş problemlərin üzərində işləmək əvəzinə dövlət, qadın və LGBTQİ+ individualların təməl haqlarını müdafıə etməkdən boyun qaçırır. Bir növ LGBTQİ+ individuallar məhbusluq zamanı həbs içərisində təkrar həbs olunurlar.



Müəllif: Əli Məlikov

İllustruasiya: Prisoner Correspondence Project

346 views

Comments


bottom of page