top of page

Məktəb illərinin unudulmayan travması


28 yaşlı transgender qadın Pəri Banu orta məktəbi illər əvvəl bitirməsinə baxmayaraq, hələ də o zaman üzləşdiyi qısnama və zorakılıqların buraxdığı izlər ilə yaşayır.

“Bir neçə dəfə məktəbdə zorakılığa məruz qalanda müəlliməm deyirdi ki, sən kişi deyilsən? Niyə cavab vermirsən onlara? Onlar vuranda sən də vur!” - Banu həmin dövrdə müntəzəm olaraq eşitdiyi cümlələri xatırlayır və deyir ki, zorakılıq və qısnamadan başqa seksual xarakterli təkliflər də alıb, lakin kaminqout etmədiyi üçün məktəb psixoloquna müraciət edə bilməyib.

“Məktəbdə psixoloq olsa da, mənim ona müraciət etmək fikrim yox idi, çünki cinsi oriyentasiyam və kimliyim mənim üçün çox qorxulu idi, özüm özümdən belə çox qorxurdum”, - o əlavə edir.

Banu ailəsindən də dəstək görməyib. Əksinə anası da ona müəllimi kimi “sən kişisən, niyə cavab vermirsən, onlara qarşı niyə mübarizə aparmırsan?” - deyə reaksiya verib.

“Hətta məni günahkar çıxarmışdı ki, mən zəifəm və özümü müdafiə edə bilmirəm. Ondan sonra artıq baş verənləri ailəmlə paylaşmamağa başladım”, o bildirir.


Təşvişdən dərslərə fokuslana bilməyən Banunun fikri ancaq başqalarının ona pis söz deməməsi və dəyib-dolaşmamasında olub. İdman dərslərində qısnama zirvəyə çatdığı üçün həmin dərslərdən yayınmağa başlayıb. Bundan sonra onda keçirdiyi narahatlıqların sayı artıb. Elə bu günə qədər də Banu həmin narahatlıqlardan əziyyət çəkir.


“Həddindən artıq çox təşviş hissi keçirirəm, hətta kiçik şeylərə görə belə. Məsələn, tanımadığım şəxs tərəfindən zəng gələndə və yaxud qapı döyüləndə. Elə fikirləşirəm ki, o insanlar mənə ziyan vurmağa gəliblər”, - o əlavə edir ki, ipoxandriyadan əziyyət çəkir. İpoxondriya təşviş və həyəcan fonunda insanın öz sağlamlığı haqqında daim narahatlıq hissi keçirməsi ilə təzahür edən bir prosesdir.


“Həmçinin məndə çox uzun müddət özünə qapanma var idi, amma son dövrlərdə buna qalib gələ bilmişəm və daha açıq olmağa başlamışam. Bundan başqa, bir müddət məndə belə bir hiss var idi ki, məni izləyirlər. Hətta gecə evə qayıdanda tez-tez gəlməyə çalışırdım. Düşünürdüm ki, kimsə mənə uzaqdan baxır, məni izləyir”, - o bildirir.


Banunun sözlərinə görə, ailəsi onun narahatlıqlarından xəbərdardır, sadəcə onlar bunu ciddi sağlamlıq problemi kimi görmür və dəyərsizləşdirirlər. Bu isə Banunun vəziyyətini daha da dərinləşdirir.


Gender Resurs Mərkəzinin psixoloqu Aysel Budağın sözlərinə görə, LGBTİQ+lar məktəbdə və ya universitetdə təzyiq görürsə, bu, məktəbi bitirdikdən sonra onların çox adi münasibətlərinə də təsir edir. Belə ki, onlar hər bir münasibətə, tanışlığa təşvişlə başlayırlar, yenə eyni şeyin olacağını gözləyirlər.


“Yeni mühitə çox çətin adaptasiya olurlar. Yeni insanlar görəndə çox təşvişdə olurlar. Hər hansı homofob, transfob fikirin üstünə getmək, mübarizə aparmaq onlar üçün çətin olur. Emosional olaraq həm aqressiya, həm içə qapanma yaranır”, - deyə psixoloq vurğulayır ki, daha çox onların tanımaqdıqları insanlarla ünsiyyətə girə bilməmə problemləri olur. “Tərifdən qorxurlar, davamlı olaraq üzr istəyirlər və nəticədə insanların nə düşündüyünə əhəmiyyət verən birinə çevrilirlər”.


5-ci sinifdə oxuyarkən sinif yoldaşının ad günündə Ruslan [şərti ad] onunla ortaq maraqları paylaşan biri ilə tanış olub. Daha sonra həmin uşaqla birlikdə musiqiyə qulaq asaraq rəqs etdiyi zaman bunu sinif yoldaşları və digərləri görüb və ondan sonra onu ələ salmağa başlayıblar.


Elə bundan sonra da ona qarşı olan zorakılıqlar başlayıb və artmağa doğru gedib.


“O vaxtdan bizim sinifdə məni "petux, qızbibi" və bu kimi adlarla ələ salmağa başladılar”, - o xatırlayır.


Həmin dövrdə üzləşdiyi zorakılıqlar indi 23 yaşı olan və Almaniyada yaşayan Ruslanda qalıcı təşviş və post-travmatik stress pozuntusu yaradıb.


“Psixoloq, antidepressantlar və CBT (koqnitiv davranış terapiyası) ilə müalicə alıram. Toksik, maskulin oğlan qrupları mənə təşviş verir. Uşaqlar və yaxud cavanlar futbol oynayanda topa vurulan zərbənin səsi məndə ürkmə yaradır”, - o əlavə edir ki, bundan əlavə narahatlıq və yuxusuzluqdan əziyyət çəkir, insanlara güvənmir və davamlı olaraq pis bir şey olacağını düşünür.


Buna baxmayaraq, Banuda olduğu kimi Ruslanın da ailəsi ona inanmır.

“Keçən dekabr ayının sonunda anama depressiya və təşvişdən əziyyət çəkdiyimi dedim, amma inanmadı. Bacım ona mənim intihar həddinə çatdığımı dedikdən sonra tədbir gördü”, - o deyir.


2021-ci ildə kuir aktivist və bloqer Əli Məlikov təhsil aldığı orta məktəbdə gender kimliyinə görə qısnama, ayrı-seçkilik və zorakılıqlarla üzləşməsi faktını ictimailəşdirib. O, məktəb rəsmilərinə dəfələrlə müraciət etməsinə baxmayaraq, heç bir nəticə olmayıb.

İndi 17 yaşı olan Əli bu hadisələri daim aktuallaşdırsa da, baş verənlərin onda yaratdığı narahatlıqlardan heç zaman danışmayıb.


“Mənim əvvəldən nevroloji “tik” problemim var və həmin hadisələrə görə qəfildən kiçik böhranlar keçirib həyəcanlanırdım, əllərim əsirdi və tez-tez gözüm qaralırdı”, - o deyir ki, bu səbəblə də dayanmadan ətrafa nifrət saçmağa çalışıb və aqressiya dolu olub.

“Bunlar haqda danışmaq mənim üçün çox qəlizdir. İctimai danışıram, amma öz hisslərim barədə danışanda çətinlik çəkirəm”, - deyən Əli vurğulayır ki, məktəb vaxtı yaranan narahatlıqların heç birini həll etməyib, sadəcə üstündən keçməklə məşğul olub.

“Onlara əhəmiyyət vermirəm ki, növbəti mərhələlərə baxa bilim. Bu mövzularla işləyən peşəkarlar azdır. Özünü ifadə edə biləcəyin yerlər azdır və bunlar səni daha çox basdırır və bir az da intihara meyillilik yaradır”, - o qeyd edir.



İntiharla bitən qısnamalardan biri 2019-cu ildə 8-ci sinif şagirdi Elina Hacıyevanın özünü məktəb pəncərəsindən ataraq həyatına son qoyması hadisəsidir.


Qısnamanın mənəvi, fiziki və homofob növlərinə məruz qalan Elina bununla bağlı müəllim və valideynlərini məlumatlandırmasına baxmayaraq, məktəb rəhbərliyi bununla bağlı heç bir tədbir görməyib.


2016-cı ildə şagird və müəllimlər üçün təhlükəsizlik mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərmək məqsədi ilə Təhsil Nazirliyi “Məktəblinin dostu” layihəsi adlı dövlət proqramı təsis edib. Lakin bu proqram məktəblərin sadəcə bir qismini əhatə edir.


LGBTİQ+ hüquq müdafiəçisi Cavid Nəbiyevin sözlərinə görə, bu layihəyə cəlb olunan insanların nə dərəcədə LGBTİQ+ dostu və sensitiv olması qaranlıqdır.


“Ümumilikdə dövlət olaraq Azərbaycanda LGBTİQ+ məsələlərində hansısa bir maarifləndirmə, hansısa dövlət proqramına daxil olunması və bizlərin də ehtiyaclarının orada nəzərə alınması kimi bir şey görülməyib. Məktəblinin Dostu layihəsində də bunların nəzərə alındığını gözləmirəm”, - o qeyd edir.


Müəllif: Elmira Gərayzadə



Məqalə QuerrRadar platforması tərəfindən təşkil olunan mentorluq proqramı ərzində hazırlanıb.

167 views

Comments


bottom of page