İllustrasiya deviantart-dan Tuffix tərəfindən hazırlanmışdır.
İslam feminizmi həm müasir İslami diskursda, həm də feminist diskursda marjinallaşdırılmış bir araşdırma sahəsidir. Bu hərəkat sadəcə olaraq müsəlman mədəniyyətlərindən doğan feminizm deyil, mətn və kanonik ənənələr vasitəsilə İslam teologiyasını cəlb edən feminizmdir, Quranın bütün insanların bərabərliyi anlayışına əsaslanır və bu ilahiyyatın gündəlik həyata tətbiq olunmasında israrlıdır.
İslam feminizminin yaranışı
Geniş müzakirələrə səbəb olan İslam feminizminin kökləri 19-cu əsrdə İran, Türkiyə, Misir kimi ölkələrdə baş qaldırmış qadın azadlıq hərəkatlarına qədər gedib çıxmaqdadır. Marqot Badranın 1996-cı ildə çap etdiyi “Feministlər, İslam və millət” kitabına əsasən, o dövrdə Misir müsəlman dünyasında feminizmin mühüm öncül məkanı idi. Müsəlman qadın və kişilər İslamın din adına tətbiq edilən repressiv təzyiqini aradan qaldırmaq üçün İslami islahatçı arqumentlərdən istifadə etdilər. Bu, qadınların həyatında və genderlər arasında münasibətlərdə dəyişikliklərə yol açdı. Ən böyük dəyişiklik 1956-cı ildə qadınlara səsvermə hüququnun verilməsi və Sədatın hakimiyyəti dövründə qadınların iqtisadi hüquqlarla bağlı bir sıra tələblərinin yerinə yetirilməsi idi. İslam feminizmi iyirminci əsrin sonlarında (1989) bir növ “Misirdə feminizm və İslamizmin evliliyi” kimi ortaya çıxdı. Anitta Kynsilethoya görə, bu zaman müsəlman feministlər İslami mətnləri oxuyarkən ona bir sıra mühim feminist düşüncələri qataraq müzakirə etdilər.
İran: İslam feminizminin başlanğıcı kimi
İranda da İslamçı feminizmlə bağlı müzakirələr daha çox bu ölkədə baş verən siyasi-ictimai dəyişikliklər kontekstində aparılır. Bu müzakirələr 1980-ci illərdə başlasa da, əsl müzakirələr 1990-cı illərdə ortaya çıxdı. Nəcmabadi 1994-cü ildə etdiyi çıxışda İslamçı feminizmi dini və qərb feministləri arasında dialoqa imkan verən islahat hərəkatı kimi təyin etdi. Onun sözlərinə görə, İslam feministləri qadınların siyasi-ictimai mövqeyini yaxşılaşdırmaq səylərində qərbi feministlərlə ortaq nöqtələri bölüşürlər.
Zeynəb Duyğunun fikirlərinə əsasən, İslam feminizmini İslam dinin qadına verdiyi hüquqların əllərindən alınmasına qarşı başladılmış bir dalğa kimi təsəvvür etmək olar. Bu dalğa əsasən Asiya və Afrikanın bir hissəsində yaşayan qadınların problemlərinə fokuslanmışdır. Amma fərqli sosial mühitdə böyümüş, müxtəlif adət-ənənələrə sahib bir cəmiyyət fərdləri üçün problemlər də fərqlidir. Bu fikiri əsas götürsək, İslam feminizminin hər müsəlman cəmiyyəti üçün eyni dərəcədə inkişaf etməsi və eyni problemləri qabardıb, həll yollarının təklif edilməsi mümkünsüzdür. Müsəlman cəmiyyətləri üçün fərqli sosial problemlər var. Misal olaraq bəzi bölgələrdəki qadın sünnətlərini, bəzilərində fiziki cəzalar(şallaq), digər bölgələrdə qadının təhsilə çıxışının olmaması və s. kimi problem müxtəlifliyi İslam feminizminin həryerdə bərabər inkişafına maneə törədir.
Müsəlman feministlərin sözlərinə görə, qadın və kişinin sosial, iqtisadi və siyasi sferalarda bərabər olduğunu, qadının işləyib, pul qazana bilməsi, mülkiyyətə sahib olması, hətta, qadının ailəsinin yox, sırf Allahın qulu olduğu fikirləri İslam yarandığı zaman (6 - 7- ci əsr) meydana çıxıb ki, bu da qərbdə qadın hüquqlarının qabarıldığı vaxtdan ən azı 10-11 yüzillik əvvəl olub. Quranın bir-neçə ayəsində (Nisa Surəsi 34. Ayət) gender bərabərliyinə toxunulduğu əsas arumentlərdən biridir. Moqadamaya görə, İslamçı feministlər Quranı yenidən şərh etməklə şəriət müddəalarını dekonstruksiya etməyi bacarıblar. İslam hüququ patriarxallıqdan təsirləndiyindən və hədislər patriarxal düşüncə və tətbiqləri dəstəkləyən şəkildə şərh oluna bildiyi üçün ictimai və siyasi bərabərliyi müdafiə etdiyi düşünülən Qurana daha çox istinad edilir. Buna görə də, İslam feminist diskursunun əsas arqumenti Quranın bütün insanların bərabərliyi prinsipinə əsaslanır (Hucurat 13).
Qurana feminist baxış bucağının vacibliyi
Badranın fikrinə əsasən, İslam feministləri iddialarına əsasən, bu bərabərlik prinsipi patriarxal düşüncələr və təcrübələr tərəfindən əngəllənir və buna görə də, Quran qadına dostluq baxımından yenidən şərh edilməlidir. Məsələn, Malayziyada fəaliyyət göstərən İslamda Bacılar (SIS) qrupu feminist terminologiyadan istifadə edərək təfsir üzərində işləyir. Bir çoxlarının Qadına şiddət və onun ikinci dərəcəli cins olduğu fikrinin Qurandan qaynaqlandığı düşüncəsinə kəskin şəkildə qınayaraq, Quranın yenidən oxunulması, surələrin heç bir patriarxlıqdan asılı olmayaraq yenidən tərifləndirilməsi əsas tələblərdən biridir. Euronews portalında bu il yayımlanan müsahibəyə əsasən, Türkiyəli tanınmış müsəlman feministlərin sözlərinə görə, Məhəmməd Peyğəmbər öldükdən sonra dinin bir çox qaydalarını ancaq kişilərdən ibarət bir qrup yenidən yazıb və günümüzə qədər gəlib çıxmış bir çox qadın ayrı seçkiliyinə yönəlmiş qanunlar da məhz o qrup tərəfindən yaradılıb. Rəvayət olaraq bilinən, amma, dini hədis olaraq adlandırılan bir çox yazının uydurulduğuna və mediyada bu yazıların yayılması ilə qadın və kişi arasındaki bərabərliyi qəsdən pozulduğuna və aradaki boşluğun daha da genişləndirildiyinə inanılır.
İslam feminizmi və qərb feminizmi arasındaki oxşar və fərqli tələblər
Tədqiqatçılara görə, İslam feminizmi ictimai sferada bərabər hüquqlar tələb edən, özəl sahədə isə tamamlayıcı hüquqların bərqərar olmasını istəyən dünyəvi feminizmdən daha radikaldır. İctimai sahə ilə bağlı İslam feministləri qadınların dövlət başçıları, imam, Qurana və hədislərə yenidən tərif verənin qadınların da ola biləcəyini iddia edirlər ki, bu iddia dünyəvi feministlərin heç vaxt irəliləmədiyi bir iddiadır. Şəxsi sferada İslam feministləri nikahda və ailədə qadınlar üzərində kişi hakimiyyətinin ənənəvi anlayışına meydan oxuyurlar.
Buna baxmayaraq, İslam feminizmi müəyyən mənalarda daha çərçivəli hərəkatdır. Hazırda çox müzakirələrə səbəb olan abort bir çox müsəlman feminist tərəfindən dəstəklənmir. Mualla Kavuncunun verdiyi müsahibəyə əsasən, o, müsəlman feminist olsa da, aborta qarşıdır və bu fikrinə görə sekulyar feministlər tərəfindən tənqid alır. Digər tərəfdən, feminist müsəlmanların seks, qapanma, queer fərdlərə yanaşması hələ də müəmmalıdır. Bəzi yerlərdə geniş yayılmış qadın sünnətləri barədə də heçnə demirlər. Sırf bu məsələlərə etinasızlıq göstərdiklərinə görə tənqid olunublar.
Müsəlman feministin dilindən “hicab”
İslamçı feminizmin hakim İslamçı diskursun gender praktikalarına xilasedici alternativ təklif etmək üçün yetərli olmadığını düşünən Moqadam, qadınların yalnız İslam kontekstində bərabər hüquqlara nail ola biləcəyi fikrinə qarşı çıxır. Düşüncəmə görə, dinin hicab kimi bir tələbi gender bərabərliyini müəyyən mənada pozur. Dinin belə bir tələbi olması, qadını naməhrəmlikdən uzaq olmasına çağırması, saçlarının göstərilməməsi qadını müəyyən standartlara cavab verməsinə şərait yaradır. Üstəlik, hicab qadının öz bədəni üstündə qərar verməsini məhdudlaşdırır. Amma müsəlman feministlər hicabı dəstəkləyirlər. Hindistanda yaşayan müsəlman bir feministin verdiyi müsahibəyə baxsaq:
“Mən imanlı bir qadınam və Rəbbim mənə saçımı və bədənimi örtməyi əmr edir. Bu, mənim hicab geyinməyim üçün kifayət qədər səbəbdir və əslində, mənim hicab geyinməyimin əsas səbəbi budur”.
İslam feminizmi ilə qərb feminizmin bir sıra oxşar və kəskin fərqli tərəfləri, tələbləri vardır. Müsəlman feminist, qərb feministi kimi, qadın və kişi arasındaki gender bərabərliyini dəstəkləyir və bu onlar üçün ən əsas mübarizə nöqtəsidir. Məhəmməd peyğəmbərin ölümündən bu günə qədər olan bütün gender münasibətlərini açıqlayan qanun və hədislərin izahatını rədd edir, qadının sosial, iqtisadi, siyasi və dini sferalarda söz sahibi olmasını dəstəkləyir. Milliyətçilik və militarizm kəskin şəkildə tənqid edilir. Onların düşüncəsinə görə, qadın genderi heç bir milli kimlikdən asılı deyil. Heç bir müharibə və konflikti dəstəkləmirlər.
İslam feminizmi liberal feminizmin sadəcə qərbyönümlü olmasına, feminizmin sadəcə ağdərili, avropalı və orta təbəqə qadınlarının problemlərinə fokuslanmağını tənqid edirlər. Onlar üçün liberal feminizm təkcə qərb qadınlarının azadlığı üçün yox, bütün dünya qadınlarının hüquqları üçün davam etdirilməlidir. Buna görə də, hər cəmiyyət üçün fərqli həll yolları təklif edilməlidir. Bu cəhətdən İslam feminizmi, qaradərili qadınların azadlıq mübarizəsinə daha yaxındır. Vomanizm olaraq tarixdə keçən hərəkatda, qərb feminizminin unutduğu qaradərili qadınların problemlərini qabardıb, həll yolları üçün təkliflər irəli sürən dalğanı buna misal göstərmək olar.
İslam feminizmi üçün ailə instutu və qadının bioloji olaraq ana olmağı çox vacibdir. Qadının ailə instutuna zərər vermədiyi təqdirdə, qalan bütün işlərdə kişilərlə bərabər hüquqlu məşğuliyyətini dəstəkləyirlər.
Müsəlman feministin qarşılaşdığı ayrıseçkiliklər və çətinliklər
Müsəlman feminist bir çox hallarda iki qrupun tənqidi ilə üzləşir. Onlardan birincisi müsəlman icmasıdır. World Population Review saytının 2021-ci ilinə əsaslanan araşdırmasına görə, azı 20 ölkə İslamın şəriət qanunları ilə idarə olunur. Bu kimi ölkələrdə qadının küçədə tək gəzməsi, musiqi ilə məşğul olması, maşın sürməsi, evli olduğu kişinin icazəsi olmadan xarici ölkəyə səfər etməsi qanunla qadağandır. Hətta, cinsi zorakılıq hallarında günah çox vaxt qadında görülür və cəzalandırılır. Belə cəmiyyətlərdə bir müsəlmanın özünə feminist deməyi və qadın hüquqlarını qoruması birmənalı qarşılanmır, ya əxlaqsızlıq, ya da haram olaraq qiymətləndirilir.
İkinci qrup isə sekulyar feministlərdir. Zeynəb Duyğunun sözlərinə görə “müsəlman feminist olaraq qarşılaşdıqları ən böyük ayrı seçkilik və tənqidlər sekulyar feministlər tərəfindən edilir”. İslam kimi patriarxal dinə mənsub olib, qadın haqqlarınsan danışmaq müəyyən qadın qəliblərini göz ardı etməkdir. Eyni zamanda, feminist yürüşlər zamanı sekulyar feministlər müsəlman feministləri sadəcə onlara dəstək olmaq üçün gəldiyini və bu yürüşlərin inkluziv olaraq bütün qadınların yox, sırf sekulyar feministlərin olduğu düşüncəsi ilə qarşılaşırlar. Duyğuya görə, feministin nifrət nitqi olması, ayrı seçkiliyə məruz qoyması qəbul edilməzdir.
Ayşə Gücə görə isə, “müsəlman feministlər isə bütün tənqidləri rədd edir, feminizmin heç bir dini inanca qarşı gəlmədiyini, əsas tələblərinin onsuzda Quranda yazıldığını və mübarizələrinin yalnızca İslamın buyurduğu gender bərabərliyinə əsaslandığını deyirlər”.
Müsəlman feministin qadın hüquqlarını və problemlərini qabardıb, müsəlman icması tərəfindən tənqid olunması birmənalı olaraq ayrı seçkilik və hüquqlarının tapdalanmasıdır. Amma müsəlman feministlərin ümumi feminist cərəyanının içərisində diskriminasiya olunmağının tamamilə əsassız olduğunu düşünürəm. “Həm müsəlman, həm feminist olmaq olmaz” düşüncəsinin altında yatan ayrı seçkilik və insanların dini seçimlərinin sorğulanması birbaşa olaraq feminizm ideologiyasına ziddir.
İslam feminizminin gələcəyi
İslam feminizminin gələcəyinə gəldikdə isə, Ayşə Gücün sözlərinə görə, keçmişlə müqayisədə insanların müsəlman feminist ifadəsinə kəskin və təəccüblü reaksiyaları azalır və müəyyən dərəcədə müsəlamnən feminist ola biləcəyi fikri adiləşir. Eyni zamanda, yarandığı ildən bu günə qədərki tarixə baxsaq, müxtəlif İslam ölkələrində qadınların əldə etdiyi naliyyətləri görə bilərik. Meqan Robbun dediyini də nəzərə alsaq, “İslam feminizminin gələcəyinə danışsaq, 1990-cı illərin əvvəllərində İslam feminizminin gender ədaləti və gender bərabərliyi üçün qışqıran çoxsaylı səslərdən ibarət mürəkkəb şəbəkənin bir hissəsi olacağı mənasında daha dünyəvi hal alacağı fikri məni heyrətə gətirdi. Mən İslam feminizmini indi “yeni dünyəvi feminizm” adlandırdığım şeyin, dini dildə daha güclü gender bərabərliyi müzakirəsi ilə canlandırılmış inklüzivliyi qeyd edən dünyəvi feminizmin xəbərçisi kimi görürəm. Birdən çox cərəyanı biz kollektiv şəkildə qurduqca, hamımıza aid olan yeni dünyəvi feminizmi qidalandıracağıq”.
Nəticənin və bundan sonraki gedişatın nə olacağından asılı olmayaraq, İslam feminizminin yaranışı, inkişafı, əldə etdiyi nəticələri, geniş kütlədən aldığı dəstək və tənqidinə görə sekulyar feminizmdən heç də geri qalmır. Sekulyar feminizm təcrübəsinə əsaslansaq, İslam feminizmi İslam dininin dominant olduğu və şəriət qanunları ilə idarə olunan cəmiyyətlərin modernləşdirilməsini və dünyəviləşdirilməsini asanlaşdıra bilər. Əlavə olaraq, belə cəmiyyətlərdəki feminizm kimi yeni və fərqli dalğaların yaranması, həmin toplumlar üçün dəyişikliklərə daha da açıq edəcəyinə şübhəm yoxdur.
Müəllif: Ramil Əliyev
Bu məqalə, Gender Resurs Mərkəzinin təşkil etdiyi "Yazı Bacarıqlarının Artırılması" proqramı çərçivəsində, Ramil Zamanovun mentorluğu ilə yaradılmışdır.
Commentaires